YouVersion Logo
Search Icon

Huşə 13

13
Rəbbin İsrailə qəzəbi
1Efrayim danışanda hamı titrəyirdi.
İsraildə ucalmışdı,
Amma Baala tapınıb təqsir edəndə məhv oldu.
2İndi günah üstünə günah edirlər,
Gümüşlərindən özlərinə tökmə bütlər,
Məharətlə düşünülmüş bütlər düzəldirlər.
Hamısı usta işidir.
«Qurban gətirən adamlar
Danaları öpsün!» deyirlər.
3Buna görə də səhər dumanı,
Erkən uçub gedən şeh,
Xırmanda sovrulan saman çöpü,
Bacadan çıxan tüstü kimi olacaqlar.
4«Ancaq Səni Misir torpağından çıxaran
Allahın Rəbb Mənəm.
Sən Məndən başqa allah tanımamalısan,
Çünki Məndən başqa xilaskar yoxdur.
5 # Qanun. 8:11-17 Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.
6Onları bəslədiyimə görə doydular,
Doyandan sonra onların ürəyi qürurlandı,
Buna görə də Məni unutdular.
7Mən onlara bir aslan olacağam,
Bəbir kimi yol kənarında
Pusquda duracağam.
8Balalarından məhrum olmuş ayı kimi
Onlara hücum çəkəcəyəm,
Ürəklərinin pərdəsini yırtacağam.
Dişi aslan kimi onları yeyib-qurtaracağam,
Vəhşi canavar onları parçalayacaq.
9Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın
Səni ölümə aparır.
10 # 1Şam. 8:5-6 İndi padşahın haradadır ki,
Bütün şəhərlərində səni xilas etsin?
Hakimlərin haradadır?
Sən ki onlar barədə
“Mənə bir padşah və başçılar ver” deyirdin.
11Qəzəb içində sənə padşah verdim,#1Şam. 10:17-24
Hiddətlənəndə onu apardım.#1Şam. 15:26
12Efrayimin qəbahəti yığılıb,
Günahı qeydə alınıb.
13Doğan qadının ağrıları ona çatır,
Amma o, ağılsız oğuldur.
Çünki vaxtı çatanda
Bətndən çıxmağa ləngiyir.
14 # 1Kor. 15:55 Mən onları ölülər diyarının
Əlindən satın alacağam,
Onları ölümdən xilas edəcəyəm.
Ey ölüm, bəlaların hanı?
Ey ölülər diyarı, həlakın hanı?
Gözümdə mərhəmət görünməyəcək.
15Efrayim öz qardaşları arasında
Barlı-bəhərli olsa da,
Şərq yeli, səhradan qalxan
Rəbbin küləyi gələcək,
Onun bulağı quruyacaq,
Çeşməsinin suyu kəsiləcək.
Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
16Samariya günahının cəzasını çəkəcək,
Çünki Allahına qarşı üsyankar oldu.
Onlar qılıncdan həlak olacaq.
Balaları yerə çırpılıb parçalanacaq,
Hamilə qadınlarının qarnı yarılacaq».

Currently Selected:

Huşə 13: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in