YouVersion Logo
Search Icon

FİLİPİLİLƏRƏ 2

2
Məsihdən nümunə götürün
1Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 2həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin. 3Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın 4və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. 5Məsih İsa necə düşündü, siz də elə düşünün. 6Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb 8Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. 9Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 10#Yeş. 45:23; Rom. 14:11göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 11və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Xilasınızı əməllərinizdə göstərin
12Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. 13Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz. 14Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, 15nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 16Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim. 17Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm. 18Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.
Timotey və Epafrodit
19Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var. 20Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur. 21Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür. 22Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz. 23Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm. 24Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.
25Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 26Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi. 27O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi. 28Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin. 29Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin. 30Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.

Currently Selected:

FİLİPİLİLƏRƏ 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy