YouVersion Logo
Search Icon

AVDİYA 1

1
1 # Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Mal. 1:2-5 Bu, Avdiyaya zühur olan görüntüdür.
Edom üzərində Allahın məhkəməsi
Xudavənd Rəbb Edom barəsində belə deyir:
Biz Rəbdən xəbər eşitdik,
Millətlər arasına
«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.
2«Bax səni millətlər arasında kiçildəcəyəm,
Hamı sənə xor baxacaq.
3Ey sən qaya #1:3 Qaya – ibrani mətnində sela kimi səslənir. Sela Edomun paytaxtının adı idi. çatlarında məskən salan,
Evini yüksəklərdə quran!
Ürəyinin qüruru səni aldatdı,
Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.
4Sən qartal kimi yuxarı uçub
Yuvanı ulduzlar arasında qursan da,
Səni oradan endirəcəyəm».
Rəbb bəyan edir.
5«Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,
Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?
Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,
Bir neçə salxımı saxlamazdılarmı?
Amma gör səni nə cür müsibətlər gözləyir!
6Esavın hər şeyi talan ediləcək,
Gizli xəzinələri aşkara çıxarılacaq.
7Səninlə əhd bağlayanların hamısı
Səni ölkəndən qovacaq,
Müttəfiqlərin səni aldadıb məğlub edəcək.
Səninlə çörək yeyənlər sənə tələ quracaq,
“Onun ağlı haradadır?” deyəcək».
8Rəbb bəyan edir:
«O gün Edomun hikmətli adamlarını,
Esav dağındakı müdrikləri məhv edəcəyəm.
9Ey Teman, #1:9 Teman – Edomun şəhərlərindən biri. igid adamların elə qorxuya düşəcək ki,
Esav dağlarının hər sakini qırğında öldürüləcək.
10Qardaşın Yaquba etdiyin zorakılığa görə
Sən xəcalət içində qalacaqsan,
Əbədi məhv olacaqsan. #1:10 Yaqubla Esav doğma qardaş idi. Yaqub İsraillilərin əcdadı idi. Esav Edomluların əcdadı idi.
11Yadellilər onun sərvətini aparanda
Sən uzaqda durub tamaşa etdin.
Əcnəbilər onun şəhər darvazalarından girib
Yerusəlim üçün püşk atanda
Sən də onlardan biri kimi davrandın.
12Sən gərək Yəhudalı soydaşlarının
Bədbəxtlik günündən zövq almayaydın,
Həlak olduqları gün sevinməyəydin,
O əzablı gündə rişxənd etməyəydin,
13Xalqımın fəlakətli günündə
Onların şəhər darvazalarından girməyəydin,
Başlarına bəla gələn gün
Onların fəlakətini sevinclə seyr etməyəydin,
Başlarına bəla gələn gün
Onların malına əl uzatmayaydın!
14Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün
Yol ayrıcında dayanmayaydın,
O əzablı gün qurtulanları
Düşmənə təslim etməyəydin!
Rəbbin günü yaxınlaşır
15Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,
Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,
Əməllərinin əvəzi öz başına gələcək!
16Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi
Bütün xalqlar durmadan içəcək,
İçib yox olacaq,
Sanki əvvəldən yox idi.
İsrailin zəfəri
17Lakin qurtuluş tapanlar
Sion dağına toplanacaq,
O dağ müqəddəs olacaq.
Yaqub nəsli mülkünə sahib olacaq!
18Yaqub nəsli od,
Yusif nəsli alov,
Esav nəsli isə küləş olacaq,
Yaqub və Yusif nəsli
Esav nəslini yandırıb məhv edəcək.
Esav nəslindən qurtulan olmayacaq.
Çünki Rəbb belə söylədi.
19Negev sakinləri Esav dağını,
Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini,
Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,
Binyaminlilər isə Gileadı zəbt edəcək.
20Xalahda olan İsrail sürgünləri
Kənanın Sarfata qədər uzanan torpaqlarını,
Sefaradda olan Yerusəlim sürgünləri
Negev şəhərlərini zəbt edəcək.
21Xalqı qurtaranlar Sion dağına çıxıb
Esav dağına hökm edəcək:
Rəbb səltənət sürəcək».

Currently Selected:

AVDİYA 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy