YouVersion Logo
Search Icon

YARADILIŞ 14

14
İbramın Lutu xilas etməsi
1Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal 2Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı. 3Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi. 4Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər. 5On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, 6çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar. 7Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar. 8Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib, 9Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi. 10Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar. 11Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər. 12İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı.
13Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi. 14İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi. 15Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər. 16İbram qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri qaytardı.
Melkisedeqin İbrama xeyir-dua verməsi
17 # İbr. 7:1-10 İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı.
18Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. 19Melkisedeq İbrama xeyir-dua verib dedi:
«Göy və yerin sahibi Allah-Taala
İbrama xeyir-dua versin.
20Düşmənlərini sənə təslim edən
Allah-Taalaya alqış olsun».
İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.
21Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın». 22Ancaq İbram Sodom padşahına dedi: «Əllərimi göy və yerin sahibi Allah-Taala Rəbbin dərgahına qaldırıram ki, 23sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım. 24Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün».

Currently Selected:

YARADILIŞ 14: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy