YouVersion Logo
Search Icon

YARADILIŞ 13

13
Lutun İbramdan ayrılması
1İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da onunla idi. 2İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu. 3Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi. 4İbram o vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbə sitayiş etdi.
5İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi. 6Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər. 7İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı.
8İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq. 9Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm». 10#Yar. 2:10 Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi. 11Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı. 12İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu. 13Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.
14Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. 15Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. 16#Həv. 7:5 Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər. 17Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm». 18İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi.

Currently Selected:

YARADILIŞ 13: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy