YouVersion Logo
Search Icon

2 KORİNFLİLƏRƏ 1

1
1 # Həv. 18:1 Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Paul və Timotey qardaşdan Allahın Korinfdə olan cəmiyyətinə və bütün Axayyadakı müqəddəslərə salam! 2Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Təsəlli mənbəyi olan Allah
3Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. 4Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək. 5Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq. 6Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapırıqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almanız üçündür. 7Sizinlə bağlı ümidimiz sarsılmaz. Çünki əzablarımıza şərik olduğunuz kimi təsəllimizə də şərik olduğunuzu bilirik.
8 # 1Kor. 15:32 Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik. 9Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi. 10Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq 11və siz də dualarınızla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanın etdiyi dua nəticəsində bizə verdiyi ənamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin.
Paulun gecikən səyahəti
12Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavət#1:12 Səxavət – bəzi əlyazmalarda müqəddəslik. və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik. 13-14Biz elə bir şey yazmırıq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz.
15 # Həv. 19:21 Buna əmin olub əvvəlcə yanınıza gəlmək niyyətində idim ki, ikiqat xeyir#1:15 Xeyir – bəzi əlyazmalarda sevinc. tapasınız. 16Həm Makedoniyaya gedəndə, həm də Makedoniyadan qayıdanda yanınıza gəlmək niyyətində oldum. Bundan sonra siz məni Yəhudeyaya yola salmalı idiniz. 17Bu niyyətdə olanda görəsən qərarsız idimmi? Ya da niyyətlərim cismani təbiətimdən doğur ki, gah «bəli, bəli», gah da «xeyr, xeyr» deyim? 18Allahın sədaqətinə and olsun ki, sizə çatdırdığımız xəbər gah «bəli», gah da «xeyr» deyil. 19#Həv. 18:5Sila və Timoteylə birlikdə sizə vəz etdiyimiz Allahın Oğlu İsa Məsih həm «bəli», həm də «xeyr» deyil. Onda yalnız «bəli» var. 20Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik. 21Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır. 22O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
23Allah şahidimdir, canıma and olsun ki, indiyədək sizə qıymadığım üçün Korinfə gəlmədim. 24İmanınıza ağalıq etmək istəmirik, sevinməniz üçün sizinlə birgə çalışırıq. Çünki imanda dönməz dayanmısınız.

Currently Selected:

2 KORİNFLİLƏRƏ 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy