YouVersion Logo
Search Icon

BİRİNCİ PADŞAHLAR 1

1
Padşah Davudun son illəri
1Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi. 2Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin». 3Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər. 4Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi.
Adoniyanın padşahlıq iddiası
5 # 2Şam. 3:4 Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı. 6Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi. 7Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər. 8Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər. 9Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı, 10amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı.
Süleymanın padşah elan edilməsi
11 # 2Şam. 12:24 Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir? 12İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim: 13get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?” 14Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm».
15Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi. 16Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi. 17Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin. 18Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur. 19O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı. 20Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq. 21Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq».
22Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi. 23Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi. 24Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi? 25Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. 26Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı. 27Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?»
28Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu. 29Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki, 30“məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm». 31Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi.
32Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi. 33Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin. 34Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. 35Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim». 36Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir. 37Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin».
38Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. 39Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi. 40Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.
41Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?» 42O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən». 43Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir. 44Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər. 45Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur. 46Üstəlik Süleyman padşahlıq taxtında oturdu. 47Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. 48Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”»
49Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi. 50Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı. #1:50 Qurbangahın buynuzlarından yapışdı – qədim Yəhudilərin adətinə görə qurbangahın buynuzlarından yapışmış adamı öldürmək olmazdı. Bax: Çıx. 21:13-14. 51Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir». 52Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək». 53Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy