Huşə 5
5
İsrailin cəzası
1Ey kahinlər, bunu eşidin!
Ey İsrail nəsli, diqqətlə dinləyin!
Ey padşah sarayında olanlar, qulaq verin!
Sizin barənizdə hökm çıxarıldı,
Çünki siz Mispada bir tələ,
Tavor dağına sərilmiş bir tor oldunuz.
2Qanunsuzlar adam öldürməklə məşğuldur.
Amma Mən onların hamısını cəzalandıracağam.
3Efrayimi tanıyıram,
İsrail Məndən gizli deyil,
Çünki indi sən fahişəlik edirsən, ey Efrayim,
İsrail də murdarlanıb.
4Əməlləri qoymur ki, onlar
Özlərinin Allahına tərəf dönsün,
Çünki içlərində xəyanət ruhu var,
Rəbbi də tanımırlar.
5İsrailin qüruru özünə qarşı şəhadət edir.
İsraillə Efrayim
Günahlarından ötrü büdrəyib-yıxılır.
Yəhuda da onlarla birgə yıxılır.
6Qoyun-keçi, mal-qara qurban edərək
Rəbbi axtarmağa gedəcəklər,
Amma tapmayacaqlar,
Çünki Rəbb onları tərk etdi.
7Onlar Rəbbə xəyanət etdi,
Çünki bic uşaqlar doğdu.
İndi Təzə Ay mərasimi olanda
Onlar tarlaları ilə birlikdə məhv olacaq.
8Giveada şeypur çalın,
Ramada kərənay çalın,
Bet-Avendə car çəkin,
Düşmən arxandadır, ey Binyamin!
9Efrayim cəza günündə viran olacaq,
Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
10Yəhuda başçıları
Sərhəd daşı dəyişənlərə bənzəyir.
Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
11Efrayim zülm gördü,
Hökm ilə əzildi,
Çünki bilə-bilə
Boş şeylərin dalınca getdi.
12Mən Efrayimlilərə qarşı güvə,
Yəhuda nəsli üçün kif olacağam.
13Efrayim xəstəliyini,
Yəhuda yarasını gördü.
Efrayim Aşşura getdi,
Böyük padşahdan kömək istədi,
Amma o sizə şəfa verməz,
Yaranızı sağaltmaz.
14Bəli, Mən Efrayimlilərə qarşı bir şir,
Yəhuda nəsli üçün cavan aslan olacağam.
Mən, Mən onu parçalayıb gedəcəyəm,
Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
15Sonra qayıdıb Öz məskənimə gedəcəyəm,
O vaxtacan ki özlərini günahkar sayaraq
Mənim hüzurumu axtaracaqlar.
Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».
Currently Selected:
Huşə 5: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.