YouVersion Logo
Search Icon

Amos 7

7
Çəyirtkə sürüsü barədə görüntü
1Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi. 2Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 3Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.
Alov barədə görüntü
4Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda 5mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 6Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”. Şaqul barədə görüntü 7Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi. 8Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.
9İshaqın nəslinin səcdəgahları xaraba qalacaq,
İsrailin Müqəddəs məkanları viran olacaq.
Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».
Amos və Bet-El kahini Amasya
10Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz. 11Çünki Amos belə deyir:
“Yarovam qılıncdan keçirilib öləcək.
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».
12Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. 13Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».
14Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. 15Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”. 16İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən. 17Buna görə də Rəbb belə deyir:
“Sənin arvadın şəhərdə fahişəlik edəcək,
Oğulların və qızların qılıncdan keçiriləcək,
Torpağın ölçülüb paylanacaq.
Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən.
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.

Currently Selected:

Amos 7: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in