YouVersion Logo
Search Icon

1 Timoteyə 6

6
1Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar ki, Allahın adına və təliminə küfr söylənməsin. 2Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır.
Bu şeyləri öyrət və nəsihət ver.
Allah yoluna bağlılıq
3Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə, 4o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır; 5pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir.#6:5 Mübahisələridir – bəzi əlyazmalarda mübahisələridir. Belə adamlardan uzaq ol.
6Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. 7Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik. 8Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. 9Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. 10Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.
11Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get. 12İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. 13#Yəh. 18:37Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki, 14Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et. 15Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. 16Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.
17Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. 18Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər. 19Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı#6:19 Həqiqi həyatı – bəzi əlyazmalarda əbədi həyatı. bərk tutsunlar.
20Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur. 21Bəziləri bu biliyə sahib olduqlarını iddia edərək imandan azdılar.
Sizə lütf olsun!

Currently Selected:

1 Timoteyə 6: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in