YouVersion Logo
Search Icon

SEFANYA 1

1
1 # 2Pad. 22:1—23:30; 2Saln. 34:1—35:27 Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.
Rəbbin məhkəmə günü
2Rəbb belə bəyan edir:
«Yer üzündən hər şeyi silib-süpürəcəyəm».
3Budur, Rəbb belə bəyan edir:
«İnsanları, heyvanları,
Göydəki quşları, dənizdəki balıqları,
Pis adamları ilə
Şər üçün qurulan tələlərini
Silib-süpürəcəyəm,
İnsanı yer üzündən yox edəcəyəm.
4Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin
Hamısını cəzalandıracağam,
Baal bütlərinə ibadətin qalıqlarını,
Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.
5Damlarda göy cisimlərinə səcdə edənləri,
Həm Rəbbin adına, həm də Milkom bütü adına
And içib səcdə edənləri,
6Rəbbin yolundan dönənləri,
Rəbbə müraciət etməyənləri,
Rəbdən məsləhət almayanları
Buradan yox edəcəyəm».
7Susun Xudavənd Rəbbin qarşısında,
Çünki Onun günü yaxınlaşır,
Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.
8Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri,
Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam.
9O gün kandarından tullanıb keçənləri,
Öz ağalarının evlərini zorakılıq və hiylə ilə
Dolduranları cəzalandıracağam».
10Rəbb bəyan edir:
«O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi,
İkinci Məhəllədən fəryadlar,
Təpələrdən isə böyük gurultu eşidiləcək».
11Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin!
Bütün tacirləriniz məhv olacaq,
Tərəzidə gümüş çəkənləriniz qırılacaq.
12O zaman Yerusəlimin hər tərəfini
Çıraqlarla axtaracağam,
Firavan yaşayan qayğısızları, #1:12 Firavan yaşayan qayğısızlar – hərfi tərcümədə çöküntüsü dibə çökmüş şərab kimi olanlar.
Ürəklərində
«Rəbb nə yaxşılıq, nə də pislik –
Heç nə etməz»
Deyənləri cəzalandıracağam.
13Var-dövlətləri talan olacaq,
Evləri xaraba qalacaq,
Tikdikləri evlərdə yaşamayacaqlar,
Onlar saldıqları üzümlüklərin
Şərablarını içməyəcəklər.
14Rəbbin möhtəşəm günü yaxınlaşır,
Yaxınlaşır, tez gələcək.
Rəbbin günündə fəryad səsi çıxacaq,
İgid adam belə, fəryad edəcək.
15 # Yoel 2:2 O gün qəzəb günüdür:
Hər tərəfi
Əziyyət və məşəqqətin,
Viran və talanın,
Qaranlıq və zülmətin,
Qara buludların bürüdüyü gündür!
16O gün istehkamlı şəhərlərə,
Hündür künc qüllələrinə qarşı
Döyüş üçün çalınan şeypurların,
Döyüş nərələrinin səsləndiyi gündür!
17Rəbb deyir:
«Adamlara elə bəla göndərəcəyəm ki,
Kor kimi hara gedəcəklərini bilməyəcəklər,
Çünki Mən Rəbbə qarşı günah ediblər.
Qanları su kimi axacaq, #1:17 Qanları su kimi axacaq – hərfi tərcümədə qan toz kimi töküləcək.
Bədənləri yerdə çürüyüb peyin olacaq».
18Rəbbin qəzəb günündə
Qızıl-gümüşləri
Onları qurtara bilməyəcək,
Onun qısqanc qəzəbinin alovunda
Bütün ölkə yanıb yox olacaq,
Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.

Currently Selected:

SEFANYA 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy