YouVersion Logo
Search Icon

LUKA 6:27-49

LUKA 6:27-49 AZJ08

Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək». İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar. Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar».

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy