YouVersion Logo
Search Icon

HAKİMLƏR 2

2
İsrailin sədaqətsizliyi
1Rəbbin mələyi Qilqaldan Bokimə çıxdı və dedi: «Sizi Mən Misirdən çıxararaq atalarınıza vəd etdiyim torpağa gətirib dedim ki, sizinlə olan əhdimi heç vaxt pozmayacağam. 2#Çıx. 34:12-13; Qanun. 7:2-5 Siz isə bu torpağın əhalisi ilə əhd bağlamayın və onların qurbangahlarını dağıdın. Lakin siz Mənim sözümə qulaq asmadınız. Niyə belə etdiniz? 3Buna görə də Mən deyirəm: onları qarşınızdan qovmayacağam və onlar sizə əngəl, allahları isə sizə tələ olacaq». 4Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı. 5Ona görə də o yerin adına Bokim #2:5 Bokim – ibrani dilində ağlayanlar. dedilər və orada Rəbbə qurban təqdim etdilər.
Yeşuanın ölümü
6Yeşua xalqı yola salan zaman İsrail övladlarından hər biri öz torpaq paylarına sahib olmaq üçün getdi. 7Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi. 8Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi. 9#Yeşua 19:49-50 Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər. 10Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi.
11İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər. 12Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər. 13Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. 14Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər. 15Harada döyüşdülərsə, Rəbbin onlara dediyi və and içdiyi kimi Rəbbin əli onların əleyhinə qalxdı. Bundan İsraillilər pis vəziyyətə düşüb çox əziyyət çəkdilər.
16Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi. 17Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa allahlara sitayiş etməklə Rəbbə xəyanət etdilər. Rəbbin əmrlərinə itaət edən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar. 18Rəbb onlar üçün hakimlər yetirdi və Özü də hakimlərlə oldu. Hakimlərin ömrü boyunca Rəbb İsrailliləri düşmənlərin əlindən qurtarırdı. Ona görə ki onları əzənlərin və sıxışdıranların üzündən nalə çəkdikləri zaman Rəbbin xalqa rəhmi gəlirdi. 19Hər hansı hakim öləndən sonra xalq yenə başqa allahlara sitayiş etməklə, onlara qulluq edib səcdə etməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inadkarlıqlarından əl çəkmədi. 20Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: «Madam ki bu millət Mənim atalarına əmr etdiyim əhdi pozub sözümə qulaq asmadı, 21Mən də Yeşua vəfat edəndə bu torpaqlarda saxladığı millətlərin heç birini daha onların qarşısından qovmayacağam. 22Ataları kimi bu yolla gedib-getməyəcəklərini görmək üçün İsrailliləri bu millətlər vasitəsilə sınaqdan keçirəcəyəm». 23Rəbb bu millətlərin həmin torpaqlarda qalmasına izin verdi. Onları Yeşuaya təslim etməyərək dərhal qovmadı.

Currently Selected:

HAKİMLƏR 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy