YouVersion Logo
Search Icon

HABAQQUQ 2

2
1Keşiyimdə duracağam,
Gözətçi qülləsində dayanacağam.
Baxım Rəbb mənə nə deyəcək,
Görüm şikayətlərimə nə cavab verəcək?
Rəbbin cavabı
2Rəbb mənə belə cavab verdi:
«Görüntünü yaz, lövhələrdə açıqla ki,
Qoy hər kəs tez onu oxuya bilsin.
3 # Rom. 1:17; Qal. 3:11; İbr. 10:37-38 Çünki bu görüntü müəyyən vaxt üçündür,
Başa çatmağa tələsir və yalan deyil.
Gecikmiş kimi görünsə də, gözləyin,
Hökmən gələcək, gecikməyəcək.
4Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil,
Amma saleh adam imanı ilə yaşayacaq.
5Həm də bu məğruru şərab aldadır,
Bu təkəbbürlü adam sakit durmaz,
Acgözlüyünü ölülər diyarı kimi genişləndirir,
Ölüm kimi heç doymaz.
Bütün millətləri özü üçün toplayar,
Bütün xalqları özü üçün əsir alar.
Xaldeylilərin sonrakı aqibəti
6Amma bütün bu əsir alınanlar
Onu lağa qoyacaqlar,
İstehzalı müəmmalarla deyəcəklər:
“Özünə aid olmayanı ələ keçirənin,
Xərac alıb varlananın vay halına!
Bu nə vaxta qədər davam edəcək?”
7Sənə xərac verənlər bir gün
Qəflətən qiyam etməzmi?
Oyanıb sizi qorxutmazmı?
Budur, o vaxt onlara qənimət olacaqsan.
8Bir çox milləti soyduğun üçün
Xalqlardan sağ qalanlar səni də soyacaq.
Çünki insan qanı tökdün,
Ölkələrə və şəhərlərə,
Orada yaşayan hər kəsə zorakılıq etdin.
9Evini haram qazancla dolduranın,
Fəlakətdən qaçmaq üçün
Yuvasını yüksək yerdə quranın vay halına!
10Sən çox xalqları qırmaqla
Öz evini rüsvay etdin,
Öz həyatına günah gətirdin!
11Belə ki divar daşları bu barədə fəryad qoparacaq,
Taxta tirlər əks-səda verəcək!
12Şəhəri qanlarla tikənin,
Kəndi haqsızlıqla quranın vay halına!
13Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir,
Ümmətlər boş yerə özünü yorur.
Bu, Ordular Rəbbindən deyilmi?
14 # Yeş. 11:9 Çünki sular dənizi bürüdüyü kimi
Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.
15Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün
Onlara şərab içirdib sərxoş edənin,
İçkiyə zəhrimar qatanın vay halına!
16Hörmət əvəzinə xəcalətlə doyacaqsan,
Sən də iç, çılpaqlığını göstər;
Rəbbin sağ əlindəki cam
Sənin üzərində fırlanacaq.
Rüsvayçılıq hörmətin üzərinə gələcək.
17Livanda etdiyin zorakılıq öz başına gələcək,
Heyvanların qırğını səni dəhşətə gətirəcək;
Çünki insan qanı tökdün,
Ölkələrə və şəhərlərə,
Orada yaşayan hər kəsə zorakılıq etdin.
18Sənətkarın oyduğu yonma ya tökmə bütün
Yalan öyrətməkdən başqa nə xeyri var?
Bütü düzəldən sənətkar öz işinə güvənir,
Amma onun düzəltdiyi
Dilsiz bütdən başqa nədir ki?
19Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!”
Deyən insanın vay halına!
Büt yol göstərə bilərmi?
Budur o, qızılla, gümüşlə örtülüb,
Daxilində isə həyat nəfəsi yoxdur.
20Lakin Rəbb müqəddəs məbədindədir,
Qoy bütün dünya Onun önündə sussun!»

Currently Selected:

HABAQQUQ 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy