YouVersion Logo
Search Icon

YARADILIŞ 42

42
Yusifin qardaşları Misirə gedir
1Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?» 2#Həv. 7:12 Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq». 3Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi. 4Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər. 5Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü.
6Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər. 7Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik».
8Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar. 9#Yar. 37:5-10 Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz». 10Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər. 11Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil». 12Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz». 13Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb». 14Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz, 15ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz. 16Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz casussunuz». 17Yusif üç gün onları zindanda saxladı.
18Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. 19Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. 20Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər. 21Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi». 22#Yar. 37:21-22 Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik». 23Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar. 24Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı. 25Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi.
26Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər. 27Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi. 28O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?»
29Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər: 30«O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi. 31Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik. 32Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”. 33O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin. 34Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”».
35Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular. 36Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz». 37Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm».
38Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz».

Currently Selected:

YARADILIŞ 42: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy