YouVersion Logo
Search Icon

YARADILIŞ 37

37
Yusifin yuxuları
1Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. 2Yaqubun tarixçəsi belədir.
Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atalarının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı. 3İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi. 4Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.
5Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar. 6Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın: 7biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər». 8Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.
9Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir». 10O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?» 11#Həv. 7:9-10 Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.
Qardaşlarının Yusifi satması
12Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. 13İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram». 14İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı.
Yusif gəlib Şekemə çatdı. 15Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu. 16O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?» 17Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.
18Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər. 19Qardaşlar bir-birlərinə dedilər: «Budur, yuxu görənimiz gəlir. 20İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır». 21Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq». 22Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. 23Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar. 24Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.
25Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar. 26Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? 27Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. 28#Həv. 7:9-10 Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.
29Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı. 30Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?» 31Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar. 32Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?» 33O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb». 34Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu. 35Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı.
36Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.

Currently Selected:

YARADILIŞ 37: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy