YouVersion Logo
Search Icon

YARADILIŞ 30

30
1Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver, yoxsa ölərəm». 2Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər verməyən Allaham?» 3Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və yanına gir. Qoy o, dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun». 4Rəhilə qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi. 5Bilha hamilə olub Yaquba bir oğul doğdu. 6Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan #30:6 Dan – ibrani dilində hökm etdi. qoydu. 7Rəhilənin qarabaşı Bilha yenə hamilə olub Yaquba ikinci oğul doğdu. 8Rəhilə dedi: «Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim». O, uşağın adını Naftali #30:8 Naftali – ibrani dilində mənim mübarizəm. qoydu.
9Lea daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi. 10Leanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu. 11Lea «uğur qazandım» deyib onun adını Qad#30:11 Qad – ibrani dilində uğur. qoydu. 12Leanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. 13Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer #30:13 Aşer – ibrani dilində xoşbəxt. qoydu.
14Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə Leaya dedi: «Oğlunun məhəbbət otlarından mənə də ver». 15Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın». 16Yaqub axşam çöldən gələndə Lea onu qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun məhəbbət otları ilə satın almışam». Yaqub o gecə onunla yatdı. 17Allah Leanı eşitdi və o hamilə olub Yaquba beşinci oğlunu doğdu. 18Lea dedi: «Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar #30:18 İssakar – ibrani dilində haqq verilsin. qoydu. 19Lea yenə hamilə olub Yaquba altıncı oğlunu doğdu. 20O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə ərim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun #30:20 Zevulun – ibrani dilində hörmət. qoydu. 21Sonra bir qız doğub, adını Dina qoydu.
22Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı. 23O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü». 24O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif#30:24 Yusif – ibrani dilində artırsın. qoydu.
Yaqubun sürülərə sahib olması
25Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və ölkəmə gedim. 26Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən». 27Lavan ona dedi: «Əgər indi sənin gözündə lütf tapdımsa, yanımda qal, çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm». 28Sonra dedi: «Haqqını mənə təyin et, verim». 29Yaqub ona dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini necə saxladığımı bilirsən. 30Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?» 31Lavan dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü qoruyub ona baxaram: 32qoy bu gün sənin bütün sürülərinin içindən keçib qoyunlar arasından hər xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım; haqqım da bu olsun. 33Bundan sonra qarşında olan haqqım üçün gəldikdə düzlüyüm mənim barəmdə şəhadət edəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın». 34Lavan dedi: «Yaxşı, qoy dediyin kimi olsun». 35Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi. 36Sonra özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı.
37Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı. 38Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təknələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi. 39Beləcə heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar doğulurdu. 40Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə qatmadı. 41Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər. 42Ancaq heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu. 43Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu.

Currently Selected:

YARADILIŞ 30: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy